Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbə nümayəndəliyi hesabat vermişdir

23 yanvar 2018 | 16:00

Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə  Badamdar qəsəbə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 2017-cı ildə qəsəbədə geniş abadlıq, yolların təmiri  və  asfaltlaşdırılması işləri aparılıb.
Qəsəbədəki 239 saylı orta məktəb əsaslı təmir olunub və sentyabr ayının 11-də ölkə başçısı cənab İlham Əliyev məktəbin binasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. 
Badamdar şossesi, 1, 2 və 3-cü yaşayış massivlərində Bağlar, İqor Ağayev, Neftçilər və Məktəbli  küçələrinə ümumilikdə 37860 kv metr sahəyə asfalt örtüyü salınıb. Qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə böyük işlər artıq başa çatmaq üzrədir, 3-cü massivdə 2 ədəd 10 min kubluq su anbarı tikilib istifadəyə verilib. 
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı işlərə başlanılıb. Eyni zamanda şossenin kənarlarında zəbt olunaraq tikilmiş, qanunsuz artırılmış, yolun yenidənqurmasına  mane olan tikililərin söküntüsü aparılır. 
RİH tərəfindən həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində Abbasqulu Abbaszadə küçəsində yerləşən 4 çoxmərtəbəli yaşayış binasının əhatəsində olan həyətin əsaslı təmir olunması  ilə bağlı   yeni layihə hazırlanmış və burada işlər həyata keçirilməyə başlanılıb, həyətdə qanunsuz tikililər sökülüb, dəmir qarajlar götürülüb, həyətdə abadlıq işləri aparılır. 
Qəsəbədə  tam yenidənqurmaya ehtiyacı olan, köhnə yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi məqsədi ilə   Tofiq Məmmədov  küçəsi 1-3 və 3-5 ünvanlarında  çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı   işlər sürətlə davam edir, daha 2 ünvanda isə hazırlıq işləri görülür. 
Qəsəbədə torpaqların zəbt olunması və qeyri-qanuni tikintilərlə mübarizə istiqamətində işlər davam etdirilir,  bununla bağlı RİH tərəfindən 3-cü massivdə 4,8 ha ərazi daş və digər tullantılardan təmizlənib və burada 5 min zeytun ağacı əkilərək böyük bir bağ salınıb, ağacların damcı üsulu ilə suvarılması üçün xətlər çəkilib
İcra nümayəndəsinin hesabatından sonra açıq mikrofon formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Qəsəbənin gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, qanunsuz küçə ticarətinin qarşısının alınması və s. barədə müraciətlər dinlənilmiş, sakinlər “AzərSu” ASC tərəfindən qəsəbədə görülən işlərin ləng aparılması ilə bağlı ciddi iradlarını bildirmiş, onları narahat edən suallar cavablandırılmış, nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev  ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmış, Badamdar qəsəbəsinin inkişaf perspektivlərinə toxunaraq bildirmişdir ki, RİH tərəfindən qəsəbədə «Abad məhəllə»lərin yaradılması, qəsəbədə köhnə binaların yerinə yeni çoxmərtəbəli binaların tikintisi işləri davam etdiriləcək, RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı  işlər həyata keçiriləcək, qəsəbənin su və kanalizasiya şəbəkəsinin yenidənqurulması işləri başa çatdırılacaq, bu da  sakinlərin daimi su ilə təmin olunmasına imkan verəcəkdir.
Çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmişdir. 

Keçidlər