Şriftin ölçüsü :

Saytın rəngi :

Sahıl bağında Yeni Azərbaycan Partiyası prezident seçkilərinin başa çatması ilə bağlı təntənəli tədbir təşkil edib

11 aprel 2018 | 16:00

Yeni Azərbaycan Partiyası prezident seçkilərinin başa çatması ilə bağlı Səbail rayonundakı Sahil bağında təntənəli tədbir keçirib.
Partiyanın mərkəzi qərargahının qarşısındakı Sahil bağında keçirilən tədbirdə YAP-ın rəhbər strukturlarının və şəhər ictimaiyyətinin nümayəndələri, partiyanın çoxsaylı fəalları iştirak ediblər.
Seçkiöncəsi YAP-ın təşkil etdiyi “İlhamla irəli” təşviqat kampaniyasının əzəmətli yekun tədbiri olan toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov iştirakçıları prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. O deyib: “Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu münasibətlə hörmətli Prezidentimizi və Yeni Azərbaycan Partiyasını təbrik edirəm. Bu qələbə İlham Əliyevin möhtəşəm qələbəsidir. Bu qələbə, eyni zamanda, bütün Azərbaycan xalqının qələbəsidir. Ona görə ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir. Bu gün Bakının hər bir güşəsində keçirilən şənlik bu qələbə ilə əlaqədardır. Azərbaycan xalqı bu qələbəni qeyd etməyi özünə borc bilir. Azərbaycanın Prezidenti olmaq İlham Əliyevin taleyidir, alın yazısıdır”.
Əli Əhmədov seçkilərdə parlaq qələbə qazanaraq yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevi tədbir iştirakçıları, partiyanın bütün üzvləri adından təbrik edib, ona Azərbaycanın inkişafı, xalqımızın rifahı naminə yeni-yeni uğurlar diləyib.
Azərbaycan Milli Elmlər Akademiyası prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, bu gün ölkəmizin həyatında olduqca əlamətdar, tarixi bir gündür. Bütün xalq bayram əhval-ruhiyyəsindədir. Müdrik və qədirbilən Azərbaycan xalqı növbəti dəfə tarixi bir seçim edib. Mürəkkəb iqtisadi və siyasi reallıqlarla müşayiət olunan müasir dövrdə sabitliyə, inkişafa, sosial-iqtisadi, mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə, İlham Heydər oğlu Əliyevə səs verib.
“Bu böyük tarixi qələbəyə bütün xalqımız sevinir. Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qurur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir. Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsidir. Bu partiya həyata keçirdiyi missiyanın ümummilli miqyası baxımından xalqımızın bütün təbəqələrini, xüsusən çoxsaylı ziyalıları öz ətrafında birləşdirən ümummilli hərəkat olaraq meydana çıxıb. Bu partiya 30 ilə yaxın müddətdə müstəqil Azərbaycanla birgə addımlayıb, onunla eyni uğur, inkişaf taleyi yaşayıb. Yeni Azərbaycan Partiyasının liderinin növbəti dəfə prezident seçilməsi onu sübut edir ki, partiya bu gün də Azərbaycanın sabaha gedən yollarına işıq salmaqdadır. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Siz YAP-ın lideri İlham Əliyevə səs verməklə, eyni zamanda, Azərbaycanın inkişafına, işıqlı gələcəyinə, demokratik inkişaf yoluna, ölkəmizin sosial-iqtisadi tərəqqisinə səs vermisiniz”, - deyə Akif Əlizadə qeyd edib.
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.

Keçidlər