Səbaildə akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb
Görkəmli oftalmoloq, Tibb Elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olan «Dünyagöz» Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə anım mərasimi keçirilmişdır. Tədbirdən əvvəl rayon rəhbərliyi və qonaqlar Klinika, buranın tibb kabinetləri, palatalar, avadanlıqlarla tanış olmuşlar.
Müəssisənin iclas zalında keçirilən tədbiri açıq elan edən «Dünyagöz» Göz Klinikasının baş həkimi, general-professor Dilavər Erşanlı əvvəlcə tədbir iştirakçılarını salamladı. Bildirdi ki, akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğuladı.
Sonra tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş olundu.
Tədbirdə çıxış edən tanınmış oftalmoloq alim, tibb elmləri doktoru Paşa Qəlbinur Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdı. Qeyd edildi ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.
Tanınmış ictimai xadım, modelyer Fəxriyyə Xələfova Zərifə xanımla bağlı xatirələrindən danışdı, onun necə bir xanım, ana, həkim, nəcib incan olduğunundan söz açdı.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor, gözəl insan, fədakar ana Zərifə xanım Əziz qızı Əliyevanın 95 yaşı tamam olur. Onun elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuş Zərifə xanım Əliyeva ictimai işlərdə də fəaliyyət göstərmiş, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.
Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, ümummilli lider Heydər Əliyevin qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Tədbirdə qeyd olunmuşdur ki, artıq 3 gündür ki, Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar «Dünyagöz» Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələrinin keçirilir. Artıq yüzlərlə sakin bu nəcib aksiyada iştirak edib. Bununla əlaqədar klinikanın kollektivinə mnnətdarlıq bildirildı.
Qeyd olundu ki, təşkilatçılar tərəfindən pulsuz göz müayinəsi aksiyaları il ərzində bir neçə də keçiriləcəkdir.