Cəbhə bölgəsində xidmət edən əsgərlərə Səbaillilərin Novruz töhfəsi
Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar.
Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sayrılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.
Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulamışdır.
Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmiş, RİH tərəfindən hərbi hissənin təlabatı nəzərə alınaraq müxtəlif tikinti materialları hərbiçilərimizə çatdırılmışdır.
Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat vermiş, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Əməkdar artist Ruhəngiz Allahverdiyeva, gənc muğam ifaçısı Orxan Hüseynli və başqaları gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.
Bayram şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunmuşdur.
Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki «N» saylı hərbi hissəsinin də qonağı olmuşlar.
Rayon nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olmuş, burada da böyük bayram konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildirmişlər.