Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev metronun “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

07 iyun 2018 | 16:00

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Qeyd olundu ki, bu stansiyada işlər təyin edilmiş müddətdən xeyli əvvəl yekunlaşdırılıb. Stansiyanın yerüstü vestibülündə müvafiq təmir, yenidənqurma işləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğunlaşdırılıb, vestibülün estetik görkəmi dəyişib. Tavanda ümumi memarlıq-dizayn tərtibatını tamamlayan müasir işıqlandırma sistemi quraşdırılıb. Stansiyanın infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Mühəndis-texniki qurğularda əsaslı yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar yeni standartlar səviyyəsinə çatdırılıb. Stansiyada ən müasir mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.
Yenidənqurma prosesi çərçivəsində istismar müddətini başa vurmuş 3 eskalator sökülərək əvəzində Almaniya istehsalı olan 4 yeni eskalator quraşdırıldı. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı Metropolitenində tətbiq olunub. Üç eskalator əvəzinə dördünün qoyulması isə bir giriş-çıxışı olan, həmçinin sərnişin axınının gur olduğu stansiyada hərəkətin daha operativ və rahat tənzimlənməsinə şərait yaradacaq. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, işıqlandırma və videomüşahidə sistemləri, habelə monitorlar yenilənib.
Dövlətimizin başçısı “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmaya qədərki vəziyyətini əks etdirən fotostendlə tanış oldu. Bildirildi ki, burada söküntü başa çatdıqdan sonra metal konstruksiyalar, platforma boyunca stansiya yolları və yol divarları gücləndirilib, eləcə də tunellərdə axıntıya qarşı tədbirlər görülüb.
“Sahil” stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev Bakı Metropoliteninin kollektivinə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Keçidlər