Şriftin ölçüsü :

Saytın rəngi :

Səbailli məktəblilər Qubaya istirahətə yollandılar

03 iyul 2018 | 16:00

Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkilini hər zaman diqqət mərkəzində saxlayan Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər il olduğu kimi bu il də bu istiqamətdə bir sıra tədbirlər  hazırlanmışdır.
Həmin işlər çərçivəsində növbəti tədbir paytaxtımızın mərkəzindəki «Sahil bağı»nda təşkil olunmuşdur. Səbail Rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının ənənəvi olaraq həyata keçirdiyi birgə layihəsi əsasında artıq 13-cü dəfə təşkil olunmuş «Şahinlər» yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirildi. Quba şəhərinin mənzərəli yerində Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salındılar.
Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin  ifası ilə başlandı.
Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalıdə Bayramova ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışdı, uşaqlara şən və yaddaqalan istirahət arzuladı. Bildirildi ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılıb.  
DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik  Mətləb Qənbərov uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışaraq qeyd etdi ki, Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılan düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib, RİH ilə birgə istirahətə göndərilən uşaqlar və onların valideynləri, düşərgədə çalışacaq dəstə rəhbərləri ilə görüş keçirərək düşərgə, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınib.
Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq,  istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup düşərgəyə  təhkim olunmuş, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər. 
Daxili Qoşunların orkeçtrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək və Qubaya yola düşmüşlər.
Yola düşməzdən əvvəl gənc «Şahinlər» «Fəxri Xayaban»da Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib abidə önünə çiçək dəstələri düzmüşlər.

Keçidlər