Səbaildə altı ayın yekunları müzakirə olunub
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələr və konret tapşırıqlar, həmçinin cari ilin 6 ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bu gün cənab Prezidentin yürütdüyü bu siyasət yeganə düzgün, alternativsiz və müvəffəqiyyət qazandıracaq siyasətidir və xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir.
Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, sənaye istehsalı 1 faiz, qeyri–neft sənayesi 8,8 faiz, kənd təəssüratı 7,6 faiz, bitkiçilik 14 faizdən çox artmışdır.
Bu müddət ərzində ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmış, 67 min yeni iş yeri yaradılmışdır ki, onlardan 58 mini daimi iş yeridir.
Xarici ticarət dövriyyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar olmuşdur.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin birinci yarısının yekunlarından danışaraq qeyd etmişdir ki, 6 ay ərzində rayonun iri sənaye müəssisələri tərəfindən 15 milyard 283,9 milyon manatlıq məhsul istehsal edilmişdir.
Nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 262.5 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 21,6 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 94.8 milyon manat və ya 54,9 faiz çox olmuşdur.
Yarım il ərzində bütün maliyyə mənbələri hesabına 698,4 milyon manat həcmində əsas fondlar istifadəyə verilmiş, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 775,4 milyon manat məbləğində vəsait yönəldilmiş, 1 milyard 685,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
6 ayda ödənişli xidmətlərin həcmi 4.4 faiz artaraq 181,4 milyon manat, əhaliyə göstərilən xidmətlərin həcmi 27,6 milyon manat təşkil etmiş, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 603,3 milyon manatlıq əmtəə satılmışdır.
2018-ci ilin I yarısında Səbail rayonu ərazisində 2340 yeni daimi iş yeri açılmışdır.
Qeyd olundu ki, bu ilin mart ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçası sökülərək yenidən tikilmiş, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak etmişdir. Martda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən 4 ədəd 9 mərtəbəli yaşayış binasının əhatəsindəki məhəllə əsaslı təmir olunaraq iştifadəyə verilmişdir.
Hesabat dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin yeni inzibati binasının da açılışı olmuşdur.
May ayının 11-də öıkə başçısı cənab İlham Əliyevin iştirakı ilə “Dinamo” otelinin və iyunun 7-də isə əsaslı təmir və yenidənqurmadan sonra “Bakı Metropoliteni”nin “Sahil” stansiyasınin açılışları olub.
Rayon İcra Hakimiyyəti tərəfindən paytaxtın mərkəzində, 100 il əvvəl tikilmiş binada yerləşən Həbib bəy Mahmudbəyov adına 2 №-li Texniki Humanitar Elmlər liseyində əsaslı təmir işlərinə başlanmış və sentyabr ayında təmirin başa çatdırılması nəzərdə tutulmuşdur.
Hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 1 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas və 2 saylı musiqi məktəblərinin əsaslı təmiri davam edir.
Ilin əvvəlindən şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında təmir-rəngləmə işləri aparılmışdır. Eyni zamanda mərkəzdəki bütün əsas küçələrdə və istirahət parklarında səkilərdə təmir olunur, panduslar və məhəccərlər quraşdırılır.
Rayonun ən böyük qəsəbəsi olan Badamdar qəsəbəsində sosial layihələrin həyata keçirilməsi davam edir. RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı işlər aparılır.
Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 14-dən çox müasir layihə təsdiq olunub. Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi sürətlə davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür. Bu işlər davam etdirilir.
Qeyd olunmuşdur ki, 2018-ci ilin yanvar ayında atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, 10 fevral 2018-ci il tarixində isə bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində 4 fərdi yaşayış evi tam, 2 fərdi yaşayış evi isə qismən dağılmışdır.
Sakinlərin təhlükəsizliyinin təminatı üçün Səbail Rayon İcra Hakimiyyətində Xüsusi Qərargah yaradılmış və onlar təhlükəli ərazidən köçürülmüşlər.
Vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılmış, dağılan 6 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilmişdir.
Hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsassən bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaqdır.
Bundan əlavə may ayının 15-də Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə köhnələrək qəzalı vəziyyətə düşmüş 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalmışdır.
Məsələ ilə bağlı mütəxəssislər tərəfindən bu ərazidə də araşdırmalar aparılır, Nazirlər Kabinetinə zərərçəkənlərə müvafiq yardımların göstərilməsi ilə bağlı müracıət olunub.
Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinın 100 illiyi və digər əlamətdar haisələrlə bağlı silsilə tədbirlər təşkil olunmuş, görüş, dəirmi masa, sərgilər keçirilmışdir.
Yığıncaqda çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, yeniyetmələrin yay istirahətlərinin təşkili, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti halları və bu işlərə rəvac verənlərlə mübarizənin daha da gücləndirilməsi, ərazidə pilot layihələrin icrası zamanı vətəndaşların mənafeyinin qorunması, sakinləri narahat edən amillərə qol verilməsinin qarşısının alınması və tikintidə təhlükəsizlik qaydalarına riayət ounması, aparılan kadr islahatları və dovlət qulluqçularının məsuliyyətinin artırılması, sakinlərlə keçirilən səyyar görüşlər və s. məsələlərə toxundular, vətəndaşları narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.