“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü düşərgənin bağlanış mərasimi olub
Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Müdafiə Nazirliyinin məsul əməkdaşı Əfqan Əliyev, hərbi hissənin rəhbərliyi və digər qonaqlar iştirak ediblər.
Tədbirdən əvvəl müvəkkil və digər qonaqlar hərbi hissədə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad ediblər.
“N” saylı hərbi hissənin komandiri hərbi-vətənpərvərlik yay düşərgəsinin nəticələri barədə məlumat verib.
Ombudsman Elmira Süleymanova tədbirdə çıxış edərək burada uşaqların layiq görüldüyü “Gənc Heydərçilər” adının əhəmiyyətindən danışıb, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün geniş qeyd edildiyini xatırladıb.
Müvəkkil bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər böyük tarixi nailiyyətlərlə yanaşı, müsəlman Şərqində ilk demokratik respublikamızın Milli Ordusu da yaradılıb. Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini, o cümlədən onun ordu quruculuğu sahəsində mühüm fəaliyyətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, bununla əlaqədar paytaxtda və regionlarda silsilə tədbirlərin təşkili hər bir azərbaycanlının, o cümlədən zabit və əsgərlərin, xaricdə yaşayan soydaşlarımızın ürəyində fərəh və sevinc hissi yaşadır.
Ombudsman son illərdə “Şahinlər” və “Gənc Heydərçilər” düşərgələrinin təşkil edilməsinin gələcəyin əsgər və zabitləri olacaq uşaqların intellektual, fiziki hazırlığının yüksəldilməsinə, onların vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlərə sadiq yetişməsinə, gümrah böyüməsinə töhfələr verdiyini qeyd edib və təşkilatçılara təşəkkür edib.
Düşərgədə hərbi qulluqçular uşaqları müasir hərbi texnika və sursatlarla tanış edib, silahlardan istifadə qaydalarını öyrədiblər.
Tədbirdə uşaqlar zabit və təcrübəli təlimatçılardan öyrəndikləri idman tapşırıqları, habelə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım üzrə biliklər və bacarıqlarını nümayiş etdiriblər.
Ombudsman tərəfindən hərbi hissəsinin komandirinə müvəkkilin xatirə medalı, habelə yay düşərgəsində könüllü kimi fəal iştirak edən uşaqlara sertifikatlar və xatirə nişanları təqdim olunub.
Eyni zamanda, müxtəlif idman növləri üzrə keçirilən yarışlarda fərqlənərək qalib gəlmiş uşaqlara, onlara təlim keçmiş və xidmət göstərmiş şəxslərə, habelə dəstə rəhbərlərinə təşkilatçılar tərəfindən mükafatlar verilib.
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin şəhid, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan üzvləri də düşərgədə iştirak edərək fərqlənib və mükafatlandırılıblar.