Səbail rayonunda ətraf mühitin mühafizəsi ilə əlaqədar sahibkarlarla görüş keçirilib
Görüşdə kafe, restoran, istirahət mərkəzləri və şadlıq evlərinin sahiblərinə bildirilib ki, atmosfer havasına atılan zərərli qazların, tüstünün və qoxunun qarşısını almaq üçün restoranların tüstü bacalarında müasir standartlara cavab verən xüsusi filtrlər quraşdırsınlar. Əks halda restoran və şadlıq evlərinin sahibləri barəsində cərimə tədbirləri görüləcək. Bundan sonra isə daha sərt addımlar atılmaqla həmin ictimai-iaşə müəssisələrinin fəaliyyətlərinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciətlər ediləcək. Qarşıdakı günlərdə görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara əməl etməyən, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə sərt tədbirlərin görülməsinə başlanılacaq.
Xüsusi olaraq vurğulanıb ki burada məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. Əgər belə olsaydı, heç bir xəbərdarlıq olmadan obyekt sahibləri indiyədək qanunamüvafiq qaydada cərimə olunardılar. Görüşün nəticəsi olaraq ictimai-iaşə obyektlərinin sahiblərinə təmizləyici qurğuların quraşdırılması üçün daha 15 gün əlavə vaxt verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə yenidən müvafiq bildirişlər paylanılıb