Səbaildə Müqəddəs Qurban Bayramı geniş qeyd olundu.
Səbail rayon rəhbərliyi, rayondakı ictimai təşkilat və birliklərin, din xadimlərinin, rayon sakinləri və burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanlar rayon rəhbərliyi adından müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik edilmişdir.
Tədbirdə çıxış edən Səbail RİH başçısının müavinləri Abit Əliyev və Eldar Ağayev ölkə başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın Milli mənəvi dəyərlərlərinə olan diqqət və qayğısından, bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışmış, qeyd olunmuşdur ki, Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Bildirilmişdir ki, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, qaçqınlara, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5 minə yaxın ailəyə qurban payları təqdim ediləcəkdir.
Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qurban Bayramı ilə əlaqədar tədbirlər rayonun digər yaşayış sahələrində, həmçinin Bibiheybət məscid ziyarətgahında və İçəri şəhərdəki «Cümə» məscidində də keçiriləcəkdir.