Səbail rayonunda "Dini mərasimlər: Ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
Sentyabrın 11-də “Monolit-plaza” mehmanxanasında Səbail Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini mərasimlər: Ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Abit Əliyev seminar-müşavirənin önəmi barədə danışıb. O qeyd edib ki, Azərbaycanda hər zaman qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən bütün dini konfessiyaların nümayəndələrinin birgəyaşayışı mövcud olub, təriqət baxımından heç bir qarşıdurma müşahidə edilməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda dövlət-din münasibətlərindən bəhs edib. Bildirib ki, dövlət heç bir halda din işlərinə müdaxilə etmir, amma bununla belə, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.
Vurğulanıb ki, Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur. Artıq Məhərrəm ayı başlayıb və bütün tədbirlər, o cümlədən “Aşura” mərasimi yalnız Qafqaz Müsəlmanları İdarəsinin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundankənar hərəkətlərə yol verməməlidir.
Komitə sədri deyib ki, bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası müqəddəsdir, dinimiz mənəvi dəyərlərimizdir. Milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və düzgün şəkildə insanlara çatdırmalıyıq.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov seminar-müşavirənin əhəmiyyətinə toxunub. O, DQİDK ilə birgə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlətimizin başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd edib ki, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. S.Novruzov Məhərrəm ayı və Aşura tədbirləri haqqında da danışıb. Bildirib ki, mərasimlərdə heç bir halda xurafata yol vermək olmaz.
Seminar-müşavirədə çıxış edən Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Səbail və Qaradağ rayonları üzrə qazisi, Bibiheybət ziyarətgah məscidi dini icmasının sədri Rahib Babayev və digərləri çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, milli mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub və dindarlar hər zaman dövlətin dəstəyini hiss edirlər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.