Dahi bəstəkar Qara Qarayevin ev muzeyinin açılış mərasimi olub
Tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ev muzeyinin açılması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu gün Qara Qarayevin ev muzeyinin açılması dahi bəstəkarın yaradıcılığına böyük bir hədiyyədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq bu il Qara Qarayevin 100 illik yubileyi geniş qeyd olunur, silsilə tədbirlər keçirilir. Məşhur bəstəkar gənclik, tələbəlik illərini bu evdə yaşayıb, ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yaradıb.
Ölkəmizdə musiqi və incəsənət xadimlərinin ev muzeylərinin yaradılmasının dövlətin bu sahəyə göstərdiyi qayğının nəticəsi olduğunu qeyd edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib: “Qara Qarayevin gənclik illərini keçirdiyi bu yaradıcılıq ocağı müqəddəs bir məkandır. Burada böyük bəstəkar sənətə doğru uzanan yolda ilk addımlarını atıb. Onun tələbələri belə böyük bir bəstəkardan dərs aldıqları üçün fəxr edirlər. Ondan yalnız bəstəkarlıq deyil, mənəviyyat dərsi alıblar. Qara Qarayev çox təvazökar, ziyalı insan idi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.
Qara Qarayevin yaradıcılıq yolundan danışan Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar böyük bəstəkarı həm keçmişin, həm də gələcəyin sənətkarı adlandırıb: “Qarayev dünyada Azərbaycan musiqisinin elçisi idi. Onun bu evdə yaratdığı “Yeddi gözəl” baleti və başqa əsərləri dünyanın müxtəlif ölkələrində səsləndirilib. Onun əsərlərində Albaniya, Vyetnam, İspaniya və digər ölkələrin musiqi motivləri duyulurdu. Qara Qarayev Azərbaycan musiqisində çox böyük izlər qoyub”.
Sonra Qara Qarayevin ev muzeyinin açılışı olub. Bəstəkarın qızı Züleyxa Qarayeva mərasim iştirakçılarını ev muzeyi ilə tanış edib.
Tədbirdə, həmçinin Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşr etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Qara Qarayevin həyat və yaradıcılığına həsr olunmuş qısa oçerklərdən ibarət kitab və disk təqdim olunub. Kitabın elmi redaktoru professor Kərim Tahirov nəşr haqqında məlumat verib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Tofiq Bakıxanov və başqaları Qara Qarayevin yüksək sənətkarlıq məharətindən, Azərbaycan musiqi sənətinə bəxş etdiyi əvəzsiz musiqi əsərlərindən danışıblar.
Mərasimdə, həmçinin Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülmüş dahi bəstəkarın oğlu Fərəc Qarayevə yüksək fəxri adın vəsiqəsini və döş nişanını təqdim edib.
Tədbir bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri ilə yekunlaşıb.