Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 6 nömrəli məktəb-liseyin şagirdləri Fəxri Fərmanlarla təltif olundu
T.İsmayılov adına nömrəli məktəb-liseydə şəgirdlərin mükafatlandırma tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və məktəbin şagird heyəti iştirak etmişlər.
Tədbir müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsinin ehtiramla yad edilməsi ilə başlanılmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olduğunu bildirmiş, vətənpərvərlik ruhunda tərbiyə edilən, formalaşan Azərbaycan gənclərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandalığı altında 44 günlük Vətən müharibəsində öz sözünü deyərək Azərbaycanın Zəfər tarixini yazdıqlarını qeyd etmişdir.
Tədbir zamanı 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Heydər Əliyev ili”nə həsr edilmiş “Bir ömürdə min ömür” adlı tədbirdə fəal iştirak edən şagirdlər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşlar.