Badamdar qəsəbə nümayəndəliyi hesabat vermişdir.
Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbə nümayəndəliyinin 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Natiq Abbasov hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 2018-cı ildə qəsəbədə geniş abadlıq, yolların təmiri və asfaltlaşdırılması işləri aparılıb.
“Abad həyət” layihəsi çərçivəsində Cəmil Hasilov küçəsi və Badamdar yolunda yerləşən binaları əhatə edən həyətlərdə abadlıq işləri görülmüş, blok qapıları yenilənmiş, ağaclar budanaraq ağardılmış,yeni asfalt salınmışdır. Yaxın zamanlarda daha bir neçə həyətin abadlıq işlərindən sonra təhvil verilməsi planlaşdırılır.
Hesabatda çixiş edən Azərsu ASC-nin Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov bildirmişdir ki, hesabat dövründə 41 ünvanda su xətlərində cari təmir işləri aparılmış, 1-ci yaşayış massivi, 2-ci yaşayış massivi, Bağlar, Seyran Məmmədov, Ələddin Agakişiyev və Nurəddin Paşayev küçələrində kanalizasiya quyuları təmizlənmiş, 12 ünvanda kanalizasiya quyusu təmir edilmişdir. Lakin buna baxmayarag problemlər hələ də qalmaqdadir və onların həlli üçün RİH ilə birlikdə işlər davam etdiriləcək.
Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmış, Badamdar qəsəbəsinin inkişaf perspektivlərinə toxunaraq bildirmişdir ki, RİH tərəfindən qəsəbədə «Abad məhəllə»lərin yaradılması, RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidənqurulması ilə bağlı işlər həyata keçiriləcək, qəsəbənin su və kanalizasiya şəbəkəsinin yenidənqurulması işləri başa çatdırılacaq, bu da sakinlərin daimi su ilə təmin olunmasına imkan verəcəkdir.