Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilmişdir

24 aprel 2019 | 16:00

Hər il aprel aynın 26-da  MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın ildönümü qeyd olunur. Stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, həmçinin cənub istiqamətində hərəkət edərək böyük bir ərazini radioaktiv maddələrlə zəhərləmişdir. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan isə güclü radiasiyaya məruz qalaraq ömürlük əlil olmuşdur.
Çernobıl qəzasının 33-cü ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilib. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirib ki, 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan  bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşmüşlər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdir. Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların təqaüd və müavinətləri  ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılmışdır. Əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını da hər zaman çernobılçılar hiss edirlər.
Tədbirdə Çernobılçılar adından çıxış edən cəmiyyətin Səbail rayon təşkilatının sədri Xələf Həsrətov qeyd etmişdir ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak edən 114 nəfərin 52-sı müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunurlar. Son illər ərzində rayonda   3 nəfər Çernobıl əlili mənzillə, 3 nəfər isə minik avtomobili ilə təmin olunub.
Tədbirdə iştirak edən Çernobıl əlilləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda Çernobıl əlillərinə yardım göstərilib.

Keçidlər