9 may - Qələbə günü Səbail rayonunda qeyd olunmuşdur
Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı Vuqar Zeynalov, bir qrup veteran, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmiş və Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstü qarşısına gül dəstələri qoymuşlar. Sonra orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Ziyarət başa çatdıqdan sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı “İntellekt” liseyində davam etdirilmişdir.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Vuqar Zeynalov faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar, o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.
Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilin diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.