A.S.Puşkinin anadan olmasının 220-ci ildönümü qeyd edildi
Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 220-ci ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və “Sodrujestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından bəhs edilmişdir.
İlk öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önunə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulmuşdur.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, A.S.Puşkin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri A.S.Puşkinin şeirlərini səsləndirmiş və nağıllarından səhnəciklər göstərmişlər.