Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 2013-cü ilin birinci rübünün yekunları müzakirə olunmuşdur

19 aprel 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, ölkədə 3 ay ərzində ümumi daxili məhsul 3,1 %,  qeyri-neft sektoru 11,4 % artmış, inflyasiya cəmi 1,2 %, əhalinin pul gəlirləri təxminən 6,0 % olmuşdur. Kənd  təsərrüfatı 4 %  artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 2,6 % artaraq 48 milyard dollar təşkil  edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov    bildirmişdir ki, 2013-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 5.976,8  milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % az sənaye məhsulu istehsal edilmişdir.  Nəqliyyat müəssisələri tərəfindən   153,4   milyon manatlıq və ya keçən illə müqayisədə 7,8 % çox, rabitə müəssisələri tərəfindən     144,5  milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 1,0 % çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 899,6 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36,7  %  artmışdır. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 243,4 milyon manat   olmuşdur.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3,4 dəfə artmışdır.
İlin əvvəlindən əhaliyə 61,1 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 22,5 % çoxdur. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə   73,1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22,5 % çox əmtəə satılmışdır.                                                   
2013-cü ilin yanvar-mart ayları ərzində əhaliyə 20,4 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29,2  % çox  iaşə  xidmətləri  göstərilmişdir.  Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən  2.4 % artaraq 73.1 milyon manat olmuşdur. 
Səbail rayonu üzrə daimi əhalinin sayı 95142 nəfər olmuş, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məğləği isə 905,0  manat olmuşdur ki, bu da keçən illə müqayisədə 5,9 % çoxdur.    
2013-cü ilin I rübü ərzində Səbail rayonu ərazisində 536 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir.  Ümumilikdə – yalnız 2009-2013-cü ilin mart ayına kimi Səbail rayonunda   9030 daimi iş yeri açılmışdır. 
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ilin ilk 3 ayı ərzində   3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev  adına 3 saylı Uşaq Musiqi məktəbində və A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasında, 44 saylı uşaq bağçasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulmuş, Bibiheybət qəsəbəsində post məntəqəsi açılmışdır.
Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının tam əsaslı təmir-yenidənqurulması işləri, qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpus tikintisi və bağçanın köhnə binasının, 33 saylı poliklinikanın əsaslı təmiri davam edir.
Ha¬zır¬da   rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, «Azadlıq» Meydanında   yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin,  «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, Dövlət Musiqili Komediya Teatrının əsaslı təmiri,  mərkəzdə yaşayış binalarının fasadlarının  üzlənməsi,  Dağüstü parkın ərazisinin bir hissəsində  əsaslı təmir-yenidənqurma işləri və «İstiqlal» Muzeyinin tikintisi,  Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması,  «Qız qalası»nda  bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılmış, yola yeni asfalt örtüyü çəkilmişdir.
RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və «Şəhidlər Xiyabanı» kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsində texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binasının inşası başa çatdırılmış, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunmuşdur.
Hazırda Badamdar şossesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının müasir şəkildə  təmir-yenidənqurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 3 ədəd, Bayıl dairəsindəki 3 ədəd və Badamdar qəsəbəsində 3 yaşayış binasının, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və  fasadlarının təmir-yenidənqurulması işləri aparılır.  
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  7 binanın dam  örtüyündə   təmir işləri aparılmış,  su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik görülmüşdür.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2013-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 417 ailə (1689 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 115,49 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13081 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 8.522.890,25 manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində 187 nəfər işaxtaran vətəndaş  daimi işlə təmin olunmuşdur,  «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci rübü ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili» üzrə peşə kursu açılmış, «Əmək yarmarkasında» 18 nəfən daimi işlər təmin olunmuşdur.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2012-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə   görüş  keçirilmiş, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunmuşdur.
2 Fevral – Azərbaycan Gəncləri günü ilə bağlı Dövlət Bayrağı Meydanındakı «cristall-Xall»da səbail gənclərinin bayram balı təşkil olunmuş, Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə  də görüşlər və konsertlər təşkil etmişlər. 
Bayram tədbirləri Badamdar və Bibiheybət qəsəbələrində də keçirilmiş,  bayramla əlaqədar  rayondakı 3600-ə yaxın aztəminatlı ailəyə bayram payları verilmiş, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4400 olmuşdur. 
İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, Səbail rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Milli Məclisin üzvü Fuad Muradov  və  başqaları çıxış etmişlər.
Tədbirdə «Yeni Azərbaycan» qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin kolektivinə Səbail RİH-nin təbrikləri çatıdırılmış və qiymətli hədiyyə təqdim olunmuşdur.  «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək öz minnətdarlığını bildirmişdir.
İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər