20-ci yaşayış sahəsi ərazisində asfalt örtüyünün salınması ilə bağlı işlər davam etdirilir
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Səbail rayonunda da ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq günün tələbləri səviyyəsində genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, məhəllələr, həyətlər, parklar və digər sosial obyektlər təmir olunaraq sakinlərin istifadəsinə verilir.
Rayonda aparılan yenidənqurma və quruculuq işləri çərçivəsində rayonunun 20-ci yaşayış sahəsi, Yaşar Bədəlov küçəsi boyunca asfalt örtüyünun salınması ilə bağlı işlər başa çatdırılmışdır. Hal-hazırda isə daha 4 küçədə, o cümlədən 900 metr uzunluğu olan Arif İsmayıl və Yüzbəy Mürsəlov, 800 metr uzunluğa malik Çernyayevski, həmçinin ümumi uzunluğu 8,6 km olan Gülbala Əliyev küçələrində də təmir-tikinti işləri davam etdirilir.
İyunun 12-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, 20-ci yaşayış sahəsi, Yaşar Bədəlov küçəsinə asfalt örtüyünün salınması ilə əlaqədar qeyd olunan əraziyə gəlmişdir. RİH başçısı sakinlərlə çay süfrəsi arxasında görüşərək, onlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Səbail rayonunda həyata keçirilən işlərdən söz açmış, rayonun inkişaf və abadlaşdırılması perspektivləri, yaradılacaq yeni infrastruktur layihələri barədə ətraflı məlumat vermişdir. Görüşdə RİHBA-nın məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri də iştirak etmişlər.
Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razı qaldıqlarını qeyd etmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər.