Səbail rayonunda çağırışçılar hərbi xidmətə yola düşüblər
04 iyul 2018-ci il tarixində Bayıl yaşayış sahəsi ərazisində yerləşən Qafur Məmmədov adını daşıyan parkda Səbail Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra hakimiyyətinin başçısı Vuqar Zeynalov, bir qrup veteran, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmiş və Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstü qarşısına gül dəstələri qoymuşlar.
Tədbirdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu proseslərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, Silahlı Qüvvələrimizin işğal olunmuş torpaqlarımızı hər an azad edə biləcəyini, bunun üçün ən müasir silahlara malik olduğunu diqqətə çatdırmış, eyni zamanda hərbi hissələrdəki müasir şərait, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına göstərilən diqqət çağırışçı gənclərdə də böyük ruh yüksəkliyi yaratdığını bildirmişdir.
Tədbirdə iştirak edən valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək övladlarının hərbi xidmətə yollanmasından iftixar hissi keçirdiklərini qeyd etmişlər.
Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirmişlər.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınmışlar.