Bayıl yaşayış sahəsində növbəti səyyar qəbul keçirilmişdir
İyulun 25-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi ərazisində yerləşən 91 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, 2 saylı SİƏD üzrə nümayəndəliyin əməkdaşları, bələdiyyə sədri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı bildirmişdir ki: “Ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlər, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar bir daha onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman vətəndaşların yanındadır və onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. RİH başçısı rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmış, vətəndaş müraciətlərinə baxılması, onların qanuni hüquqlarının qorunmasının gündəlik nəzarətdə saxlanıldığını vurğulamışdır.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, içməli suyun fasiləsiz olaraq verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkə başçısının sosial-iqtisadi inkişaf ilə bağlı imzaladığı hər bir fərman və sərəncamı minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd etmişlər. Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.