“Şəhidlər abidəsi”ndə şəhid İntiqam Abdullayevin xatirə barelyefinin açılışı olub
İyulun 30-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 1994-cü ilin fevral ayında Respublikamızın ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Abdullayev İntiqam Cavad oğlunun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən xatirə barelyefinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət etmişdir. Tədbirdə iştirak edən RİH başçısı, şəhidin ailə üzvləri, bir qrup veteran, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin əməkdaşları, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri şəhidin barelyefi qarşısına gül dəstələri qoymuşlar.
Tədbirdə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri ilə görüşməsi, onları dinləməsi, eləcə də 3 minə yaxın şəhid ailəsinin birdəfəlik müavinətlə təmin olunması haqqında fərman imzalaması dövlət başçısının bu məsələyə nə qədər həssas yanaşdığını nümayiş etdirir. Cari ildə 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri mənzillərlə təmin ediləcəklər. Bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər bir daha təsdiq edir ki, dövlətimiz hər zaman bu kateqoriyadan olan insanların yanındadır”.
Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.