Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın 90 illiyi münasibəti ilə rəsm sərgisinin açılışı olmuşdur
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın Səbail rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar yubileylə bağlı RİH-nin tədbirlər planı çərçivəsində rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmiş, sərgi və müxtəlif aksiyalar təşkil olunmuşdur.
Yubiley tədbirləri çərçivəsində Səttar Bəhlulzadə adına sərgi salonunda Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Millət vəkili Fuad Muradov, M.Lomonosov adına Moskva Dövlət Universiteinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, və başqaları iştirak etmişlər.
Bayramsayağı bəzədilmiş sərgi salonuna toplaşan qonaqları salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.
Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olmuşdur. Mərasim iştirakçıları Azərbaycanın görkəmli rəssamlarından olan Ömər Eldarovun müəllifi olduğu «Zərifə xanım Əliyevanın abidəsi»nin foto portreti, Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», «Azərbaycanlı qadının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» və «Nərgiz xanımın portreti», həmçinin xalq rəssamları Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Böyükağa Mirzəzadənin, Sakit Məmmədovun, Xalidə Səfərovanın və ümumilikdə 19 rəssamın anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər. Tanınmış rəssamlarla yanaşı həmçinin gənc rəsam Nərgiz Quliyevanın əlamətdar yubileylə bağlı Zərifə xanım Əliyevanın muncuqdan hazırladığı portreti xüsusi maraqla qarşılanmışdır.
Tədbirdə rayonun R.Behbudov adına 2 saylı musiqi məktəbinin şagirdləri müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər.