Səbail rayonunda müqəddəs Qurban bayramı qeyd olunur
Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı münasibəti ilə ənənəvi olaraq Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən qurbanların kəsilməsi və rayonda yaşayan aztəminatlı ailələrə paylanılması təşkil olunmuşdur.
Rayon Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, rayon ərazisində fəaliyyət göstərən digər birliklərin rəhbərlərinin və üzvlərinin, sosial qayğıya ehtiyacı olan rayon sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə Bayıl yaşayış sahəsində təşkil olunan tədbir iştirakçılarına Səbail RİH başçısının müavini Vüqar Şixəmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun və rayon icra hakimiyyəti kollektivi adından müqəddəs Qurban Bayramı münasibəti ilə təbrikini çatdıraraq bildirmişdir ki: “Ölkəmizdə sabitlik, inkişaf, birlik və tolerantlığın təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə bir çox məscid və dini ibadət yerləri əsaslı təmir olunur, Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqları, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetidir”. Səbail RİH başçısının müavini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli, mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki: “Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond yarandığı vaxtdan bügünə kimi milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verir”.
Tədbirdə çıxış edən ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin və rayonda yaşayan aztəminatlı ailələrin nümayəndələri dövlət tərəfindən göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qurban Bayramı ilə əlaqədar tədbirlər rayonun digər yaşayış sahələrində, o cümlədən “Bibiheybət” məscid ziyarətgahında və İçəri şəhərdəki “Cümə” məscidində də keçirilir. Hal-hazıradək 3 mindən artıq ailəyə qurban payları verilmişdir.