7 nömrəli tam orta məktəbdə “Zəfər Dəhlizi”nin açılış mərasimi olub
Bakıda yerləşən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Zəfər Dəhlizi”nin açılış mərasimi olmuşdur. Mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Millət vəkilləri Nigar Arpadarai, Vüqar İsgəndərov, Ramil Həsən, Elşən Musayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi sektorunun müdiri Sevinc Rəsulova, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Səbail rayon Gənclər və idman idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elnarə Əliyeva və məktəb direktorları iştirak etmişlər.
Çıxışçılar Vətən müharibəsi zamanı Azərbaycanın şanlı qələbəsindən söz açaraq uzun illər işğal altında olan Azərbaycan torpaqlarının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, Rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq dünyanın hərb tarixinə düşüb. Hazırda azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirildiyi və prosesin sürətlə davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
7 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Könül Təhməzova məktəbdə yaradılan “Zəfər dəhlizi”nin açılışının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsinə həsr olunduğunu vurğulayaraq bildirmişdir ki: “Dəhlizdə əsasən şagirdlərin əl işləri yer alıb. Həmçinin 44 günlük Vətən müharibəsinin məlumatlarını özündə əks etdirən lövhələrdə QR kod yerləşdirilib. Həmin QR kodlar vasitəsilə məlumatlarla elektron formada tanış olmaq mümkündür”.
Tədbirin davamında məktəblilər vətən haqqında şeirlər səsləndirmiş, mahnılar ifa etmişlər.