Ümummilli liderimiz Heyər Əliyevin 90 illik yubileyi ilə əlaqədar paytaxtın Səbail rayonunda silsilə tədbirlər keçirilir,
Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi şəxsiyyətlərin və böyük liderlərin tarixidir.
Xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur. Bu dahi insan yaşasaydı, bu gün ömrünün 90-cı baharını qeyd edəcəkdi. İndi biz, onun – bütün mənalı ömrünü xalqının xoşbəxt gələcəyi üçün sərf etmiş, canı qədər sevdiyi Azərbaycanın çiçəklənməsi üçün çalışmış əfsanəvi insanın əlamətdar gününü qeyd edirik.
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng şəxsiyyətdir. Azərbaycanın tarixi inkişafının son illərində yaşadığı hadisələr, qarşılaşdığı olaylar Heydər Əliyev fenomeninin, onun zəkasının, nüfuzunun və dərin təcrübəsinin dövrümüz üçün nə qədər əhəmiyyətli və vacib olduğunu əyani şəkildə göstərmişdir. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.
Heç kimin şübhə etmədiyi reallıq budur ki, Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, həm də III minillik Azərbaycanının gerçək simasını müəyyənləşdirən nəhəng bir etnosiyası amildir.
Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər ulu öndərin adını XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Mustafa Kamal Atatürk, Şarl De Qoll, Corc Vaşinqton, Uinston Çorçill, Konrad Adenauer ilə birlikdə çəkirlər. Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə aparırdı. Bu mübarizə və mücadilə Azərbaycanın tarixində ən şərəfli səhifəni təşkil edir. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuşdur.
1993-cü ildən sonra biz şahid olduq ki, Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Milli həmrəylik və bütövlük yarada biləcək ideologiya da yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. XIX-XX əsrlərin hüdudunda yaşayan milli maarifçilərimizin ideya əsaslarını qoyduğu azərbaycançılıq Ümummilli Lider Heydər Əliyevin çıxışlarında özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva edən, həmrəyliyi təmin edən təkmil ideologiya halını aldı. Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıların əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi.
Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi xalqımızın milli dəyərlərinin qorunması da Heydər Əliyev dühasının bəhrəsidir.
Ulu öndərimiz Heydər Əliyevin adı bu gün sözün həqiqi mənasında Azərbaycan dövlətini rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o öz əlləri ilə yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirmişdir.
Ümummilli Liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloci baza miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməkdədir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaqdır. Heydər Əliyevin adı və şərəfli həyatı öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək, zənginləşəcək, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır.
Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasət bir daha sübut edir ki, ulu öndərin qətiyyətli səyləri nəticəsində müstəqilliyi tam təmin olunan dövlətimiz durmadan inkişaf edir, çiçəklənir və qüdrətli dövlətə çevrilir.
Dahi rəhbər vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq, çiçəklənən vətənimizin hər güşəsində onun abidəsi ucalacaqdır. Onun ən böyük abidəsi isə xalqın qəlbindədir.
Sonra xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova muğam dəstlərini, gənc və istedadlı müğənni Ramin Qasımov, əməkdar artist Fərid Əliyev,V.Mustafazadə adına «Sevil» ansamblı, C.Cahangirov adına xorun üzvləri Ulu öndərin ən çox sevdiyi mahnıları və musiqi nömrələrini, xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova «Leyli və Məcnun» operasından parçanı, xalq artisti Brilyant Dadaşova Ulu öndərə həsr olunmuş mahnıları ifa etmişlər.