Bayıl yaşayış sahəsində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir
Sentyabrın 26-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Bayıl yaşayış sahəsi, A.Məmmədov küçəsi 86 ünvanında yerləşən 163 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri və sakinlər iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bu cür görüşlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini sakinlərin diqqətinə çatdırmışdır. Eyni zamanda qəbulun gedişində ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən vətəndaşlarımızın rifahının daha da yüksəlməsi naminə atılan addımlar barədə məlumat verilmişdir.
Qəbulda sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Müraciətlər əsasən məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, küçə və yolların işıqlandırılması, kanalizasiya xəttinin təmir olunması, mənzil şəraitinin yaxşılaşdırılması və digər mövzularla bağlı olmuşdur. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra RİH başçısı tərəfindən həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, digər müraciətlər ilə əlaqədar aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.