Səbail Rayon İcra Hakimiyyətində Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüş keçirilmişdir
Sentyabrın 27-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilə Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs arasında görüş keçirilmişdir. Görüşü Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov açaraq səfiri və qonaqları salamlayaraq, rayon haqqında onlara ətraflı məlumat vermişdir. Görüş zamanı Azərbaycan və Latviya dövlətləri arasında olan dostluq əlaqələrinin möhkəmliyini vurğulayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov mövcud əməkdaşlığı yüksək qiymətləndirərək qeyd etmişdir ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanmışdır ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanan müstəqil respublikamız Latviya Respublikası ilə əlaqələrə böyük əhəmiyyət verir.
Səfir Daynis Qarançs bildirmişdir ki, 2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi və Heydər Əliyev siyasətini uğurla davam etdirməsi ilə Latviya-Azərbaycan münasibətlərində inkişafın yeni mərhələsi başlanmışdır. Daha sonra səfir Azərbaycan və Latviya dövlətləri arasında ikitərəfli əlaqələrin daha da genişlənməsi və gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışmış və qeyd etmişdir ki, gələcəkdə də qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün bir diplomat kimi öz üzərinə düşən vəzifələri yerinə yetirəcəkdir.
Görüşün sonunda xatirə şəkli çəkdirilmiş və səfir Daynis Qarançsa xatirə hədiyyəsi təqdim olunmuşdur.