Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı olub

01 oktyabr 2019 | 16:00

Sentyabrın 30-da Salyan şossesi 32 ünvanında Səbail rayon Prokurorluğunun 3 mərtəbəli yeni inzibati binasının açılışı olmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Bakı şəhər prokuroru İlqar Abbasov, Səbail rayon prokuroru Natiq Əsədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
Açılış mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramı, eyni zamanda yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində və cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğısından söz açan Vuqar Zeynalov prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Tədbirdə Bakı şəhər prokuroru İlqar Abbasov qarşıdan gələn 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə rayon prokurorluğunun kollektivini təbrik edərək bildirmişdir ki: “Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət qurumu kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub”.
Səbail rayon prokuroru Natiq Əsədov rayon prokurorluğunun inzibati binasının müasir standartlar səviyyəsində inşa edilərək bütün otaqların kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilməklə istifadəyə verilməsini dövlət tərəfindən porokurorluq orqanlarına göstərilən diqqət və qayğı kimi qiymətləndirib. Tədbirdə prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarını, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini inamla ifadə ediblər.

Keçidlər