Səbail rayonunda müharibə veteranları ilə görüş keçirilmişdir
Oktyabrın 2-də Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının "Şəhidlər Xiyabanı"ndakı qərargahında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ müharibəsi veteranları ilə görüş keçirmişdir. Görüşdə Səbail RİH başçısı ilə yanaşı, RİHB-nın müavinləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Ümid Mirzəyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin bir qrup üzvü iştirak etmişlər.
Öncə torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ən əsası Ulu öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin təsis edilməsi bu qəbildən olan insanlara verilən ən böyük dəyərdir. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirmək məqsədilə yaradılan birlik dövlətin bu cür insanlara dəstək olması deməkdir”. Vuqar Zeynalov Səbail rayonunda da Qarabağ müharibəsi əlillərini, veteranlarını və şəhid ailələrini narahat edən məsələlərin daim nəzarətdə saxlanıldığını və bu kateqoriyadan olan şəxslərlə mütəmadi olaraq görüşlərin keçirilməsinin artıq ənənə halını aldığını vurğulamışdır.
Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov çıxış edərək bildirmişdir ki: “Veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin sosialyönümlü çoxsaylı layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir”.
Daha sonra Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev rayonun ictimai-siyasi işlərində yaxından və fəal iştirakına görə, eləcə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu sıralarına çağırılacaq gənclərlə işlərin aparılması, birlik üzvləri, eləcə də rayon sakinləri arasında ölkə başçısının siyasətinin təbliği işində xüsusi fəallıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir”. Sonra Vuqar Zeynalov medalı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyevə təqdim etmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının sədri İlham Əliyev qeyd etmişdir ki: “Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və təşkilatın kollektivi adından səmimi minnətdarlığımı bildirir, təşəkkür edirik”.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.