Səbailli gənclər Daxili Qoşunların Xızıdakı Təlim Mərkəzində olumuşlar
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətində təsdiq olunmuş təbirlər çərçivəsində rayonun sıx dostluq və əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə birgə Xızı rayonunda yerləşən Daxili Qoşunların Təlim Mərkəzində tədbir keçirilmişdir.
Səbail rayon rəhbərliyi və Daxili Qoşunlar Komandanlığının iştirakı ilə keçirilən tədbirdə rayonun ali məktəblərinin tələbələri ilə yanaşı Bakı Oksford məktəbində təhsil alan şagirdlər, Daxili Qoşunların şəxsi heyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Daxili Qoşunların avtonəqliyyat vasitələri ilə Xızı rayonundakı Təlim Mərkəzinə çatdırılmışdır. Tələbə və şagirdlər, müəllimlər Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənovun iştirakı ilə əvvəlcə Daxili Qoşunların istifadəsində olan müasir hərbi texnika, silah və sursatla tanış olmuşlar. Daxili Qoşunların zabitləri qonaqlara silahlardan istifadə qaydalarını, əsgər və zabitlərin müxtəlif hava şəraitləri üçün nəzərdə tutulmuş geyimlərini, xüsusi geyim və qorunma vasitələrini nümayiş etdirmişlər.
Daxili Qoşunların əsgərləri iri çaplı silahlardan atəş açma qaydalarını göstərmiş, gənclər özləri də kiçik çaplı silahlardan nişangahlara atəş açmışlar. Daha sonra hərbiçilər şərti düşmənin mövqelərinin məhv edilməsi və binada gizlənmiş terrorçuların zərərsizləşdirilməsi məşqini göstərmiş, qonaqlar şərti düşmən mövqelərinin helikopterdən məhv edilməsini izləmişlər.
Tədbir iştirakçıları qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu işindəki əvəzsiz xidmətlərindən, Ulu öndərin səyləri nəticəsində hələ sovetlər dönəmində respublikamızda peşəkar hərbiçilərin yetişdirilməsi məqsədi ilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmış, bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Ordusunun möhkəmlənməsi, müasir silah və texnika ilə təminatında görülən işlər barədə məlumat vermiş, bu kimi tədbirlərin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühm rol oynadığını vurğulamışdır.
Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasında Heydər Əliyevin böyük və əvəzsiz rolundan danışmış, Daxili Qoşunların inkişafı və bu qoşun növünün müasir silah və texnika ilə təminatı, şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin fəaliyyəti barədə məlumat vermişdir. Zakir Həsənov vətəni sevməyi, dövlətimiz naminə gəncləri hər bir fədakarlıqlara hazır olmağı tösiyə etdi.
Tədbir iştirakçıları üçün Təlim Mərkəzində birgə nahar süfrəsi təşkil olunmundur. Qonaqlar yeməklərin keyfiyyətini yüksək qiymətləndirmişlər.