Bibiheybət qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən oktyabrın 10-da Bibiheybət qəsəbəsi, Məktəbli küçəsi 20 ünvanında yerləşən 50 nömrəli tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə sakinlərlə yanaşı RİHB-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və Bibiheybət qəsəbəsi İƏD üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Görüşdə çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən islahatlarının nəticələrini vətəndaşlar hiss edir və bunu dövlət başçısının yüksək diqqət və qayğısı kimi qiymətləndirir. Ölkə rəhbərinin davamlı şəkildə həyata keçirdiyi islahatlar paketi cəmiyyətimizdə inam və etimad mühitini formalaşdıran ən vacib amillərdəndir. Ölkə başçısının həyata keçirdiyi islahatlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, onların rifahının yüksəlməsinə və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir”.
Bibiheybət qəsəbəsinin bir qrup sakini qəsəbəyə fasiləsiz olaraq içməli suyun verilməsi, qaz və kanalizasiya xətlərinin təmir olunması, sakinlərin istirahət etməsi üçün parkın salınması, sənədsiz evlərin sənədləşdirilməsi və bir sıra digər məsələlər ilə bağlı müraciət etmişlər. Səyyar görüşdə səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra RİH başçısı Vuqar Zeynalov qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda qəbulda iştirak edən sakinlər Bibiheybət qəsəbəsində gedən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulamışlar.