Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri Səbail rayonu ilə Litva Respublikasının Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanmışdır

17 oktyabr 2019 | 16:00

Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas arasında Səbail rayonunun Druskininkay şəhəri ilə qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanmışdır.
Tədbirdə Səbail rayonunun Druskininkay şəhəri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq arenadakı mövqeyi, eləcə də Səbail rayonu haqqında qonaqlara ətraflı məlumat verərək qeyd etmişdir ki: “Əsası Umummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Azərbaycan dünyada müşahidə olunan qlobal siyasi və iqtisadi böhran fonunda günü-gündən inkişaf etməklə yanaşı, həm də bütün dünyada etibarlı tərəfdaş və sülhsevər ölkə kimi tanınır”.
Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskas çıxış edərək bildirmişdir ki: “Litva Respublikası ilə Azərbaycan Respublikası arasında birgə maraq kəsb edən müxtəlif sahələr üzrə qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq əlaqələrini nəzərə alaraq, iki dövlət arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin möhkənləndirilməsi ilə əlaqədar Litva Respublikasının Druskininkay şəhər bələdiyyəsi ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq barədə protokolunun ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir”.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev bildirmişdir ki, “Azərbaycan Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını bu siyasətin icraçısı, layiqli siyasi varisi ölkə rəhbəri cənab İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, dərin və strateji baxışı və düşünülmüş, çevik qərarları ilə həyata keçirilir”.
Tədbirin sonunda Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasa xatirə hədiyyəsi təqdim edilmişdir.

 

Keçidlər