Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, Məktəb küçəsi 16 ünvanında yerləşən 239 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Son bir il inqilabi islahatlar ilidir və ölkənin bütün sahələrində çox böyük müsbət dəyişikliklər olmuş və çox böyük işlər görülmüşdür. İqtisadiyyat, mədəniyyət, sosial, ordu quruculuğu və digər sahələrdə layihələrin gerçəkləşdirilməsində Azərbaycan ön sırada olan ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkə başçısı fəaliyyətində xalqın dəstəyinə arxalanır, onun gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir”.
Görüşdə sakinlər məhəllə daxili yollara yeni asfalt örtüyünün salınması, kanalizasiya xətlərinin təmir olunması, içməli suyun fasiləsiz olaraq verilməsi və bir sıra digər məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.