Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilmişdir.

18 oktyabr 2019 | 16:00

Milli Azərbaycan Tarixi Muzeyində Səbail rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Bakı Beynəlxalq Multikulturalizim mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, partiya fəalları və gənclər iştirak etdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olundu.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirdi. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışan akademik qeyd etdi ki, Ümummilli Liderimizin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yüksəlir.
Tədbir iştirakçılarını 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Azərbaycanın qədim dövlətçilik tarixi, XX əsrin əvvəllərində müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay kimi qısa müddətdə formalaşdırdığı müstəqil dövlətçilik ənənələri, Azərbaycanın 70 il ərzində SSRİ tərkibindəki formal müstəqilliyinin müxtəlif aspektləri, XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizdə cərəyan edən ictimai-siyasi və sosial-iqtisadi hadisələr, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında yerinə yetirdiyi tarixi xidmətlər və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində ölkə daxilində və beynəlxalq səviyyədə əldə olunan uğurlar, Azərbaycanda müşahidə olunan dinamik iqtisadi tərəqqi, ictimai-siyasi sabitlik və gündən-günə daha da möhkəmlənən xalq-iqtidar birliyi haqqında ətraflı məlumat verdi.
Çıxış edən Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Həşimova tədbir iştirakçılarını Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov adından salamlayaraq dövlət müstəqilliyimizin bərpasının 28-ci ildönümü münasibətilə hər kəsi ürəkdən təbrik etdi. Xalqımızın dövlətçilik tarixi boyunca bir neçə dəfə müstəqilliyini qazanmasını xalqımızın istiqlal əzminin göstəricisi olduğunu bildirən K.Həşimova qeyd etdi ki, Azərbaycan həqiqi müstəqilliyinə məhz Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra qovuşdu, ölkəmiz sabitlik, inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən etibarən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorundu, möhkəmləndi və Azərbaycan bu gün bütün parametrlər üzrə inkişafını davam etdirir.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi dos. Bəhman Kərimov “Müstəqillik illərində Azərbaycanda mədəni quruculuq” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında bədii hissə ilə yekunlaşdı.

Keçidlər