Badamdar qəsəbəsində şəhid Bəhruz Qasımovun xatirə barelyefinin açılışı olmuşdur
Oktyabrın 19-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Respublikamızın ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Qasımov Bəhruz Fazil oğlunun Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər abidəsi”ndə xatirə barelyefinin yerləşdirilməsi ilə bağlı abidəni ziyarət etmişdir. Tədbirdə iştirak edən RİH başçısı, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, Səbail Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri şəhidin barelyefi qarşısına gül dəstələri qoymuşlar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tədbir iştirakçılarına ölkəmizin hər yerində, o cümlədən, Səbail rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş nailiyyətlər, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirlər, aztəminatlı ailələrə, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda həyat və sağlamlıqlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə və Qarabağ əlillərinə göstərilən qayğıdan danışmışdır. İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki: “Şəhidlərimizin ailə üzvləri və Qarabağ əlilləri ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər birimizin borcudur. Dövlət başçımızın bu yöndə fəaliyyəti bizim üçün nümunə olmalıdır”.
Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.