Səbaildə təcrübə keçən könüllülərə sertifikatlar təqdim edilmişdir
Noyabrın 19-da Səbail Rayon İcra Hakimiyyətində rayonun gənc könüllülərinin müddətinin başa çatması ilə bağlı görüş keçirilmişdir.
Görüşdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək qeyd etmişdir ki: “Bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər. "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə tutulmuşdur. Bu yöndə işlər hal-hazırda Səbail rayonunda da uğurla davam edir”.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd etmişdir ki: “Könüllülük fəaliyyətilə məşğul olan gənclər bir neçə istiqamət üzrə çalışıblar. İki ay müddətində onların təcrübi bilikləri artırılıb, yaradıcı və innovativ potensialının üzə çıxarılması istiqamətində iş aparılıb. Bu faəliyyət həm gənclər, həm də Səbail Rayon İcra Hakimiyyəti üçün faydalı olub”.
Tədbirdə çıxış edən könüllülər Ülkər Xəlilova, Nərmin Binnatalıyeva, Aylin Hüseynzadə və Ayşən Məmmədova iki ay ərzində İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etmişlər və onlar üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda Səbail Rayon İcra Hakimiyyətində təcrübə keçmiş könüllü gənclərə sertifikatlar təqdim olunmuş və xatirə şəkili çəkdirilmişdir.