Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən noyabrın 21-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 329 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ümummili lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir”.
Görüşdə sakinlər içməli su xəttinin çəkilməsi, sənədsiz evlərin sənədləşdirilməsi, avtobus dayanacağının quraşdırılması və bir sıra digər məsələlərlə bağlı müraciət etmişlər. Qəbul zamanı səslənən müraciətlər dinlənildikdən sonra RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə qaldırılan məsələlər ilə bağlı tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.