Badamdar qəsəbəsində sakinlərlə növbəti görüşlər keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində bir sıra ünvanlarda sakinlərlə görüş keçirmişdir. Görüşlərdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, kommunal xidmətlərin və digər xidmət strukturlarının rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişlər.
Görüşlərdə iştirak edən sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir.
Görüşlərdə iştirak edən sakinlər məhəllədaxili yollara yeni asfalt örtüyünün salınması, dam örtüklərinin təmiri, məhəllələrinin abadlaşdırılması, qaz və su xətlərinin dəyişdirilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər, sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onlara müvafiq izahatlar verilmiş, müraciətlər qeydiyyata alınaraq onların həlli istiqamətində aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlər mütəmadi olaraq keçirilir, rayon sakinlərini qeyd olunan görüşlərdə iştirak etməyə dəvət edirik.