Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonu Bibiheybət qəsəbəsində şəhid Cəbrayıl Əsgərovun xatirəsi anılmışdır

25 may 2013 | 15:00

Səbail rayonunda hər zaman diqqət mərkəzində saxlanılan yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ən qədim və zəngin tarixə malik qəsəbəsi olan Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl məktəblilər, qonaqlar, ictimaiyyət nümayəndələri, şəhidin valideyinləri, ailə üzvləri, sinif yoldaşları, qəsəbədəki hərbi hissənin əsgər və zabitləri  Səbail rayon İcra Hakimiyyəti tərəfindən vaxtı ilə şəhidin oxuduğu və hazırda adını daşıyan 50 saylı məktəbin fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni xatirə lövhəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini yad etmişlər.
Sonra məktəbin akt zalında şəhid Cəbrayıl Əsgərovun xatirəsinə həsr olunan «Donmuş arzular» adlı ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, şəhidin xatirəsi 1 dəqqiqəlik sükutla yad olunmuşdur. Xatirə mərasimini 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova açıq elan edərək şəhid Cəbrayıl Əsgərovun uşaqlıq və məktəb illərindən danışmışdır. Qeyd olunmuşdur ki, Cəbrayıl Fəyaz oğlu Əsgərov 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olmuşdur. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinifinə daxil olmuş, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirmiş, sonradan peşə məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra Cəbrayıl Əsgərov Neft daşlarında çalışmışdır.
Ermənilərin Azərbaycanın dilbər güşəsi olan Qarabağda Azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl  1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına getmiş və bir sıra qanlı döyüşlərin iştirakçısı olmuşdur. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuş və «Şəhidlər Xiyabanı»nda dəfn olunmuşdur.
Onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdur. Bu gün onun vaxtı ilə oxuduğu məktəb adını daşıyır. Mütəmadi olaraq məktəbdə keçirilən tədbirlərə şəhidin atası Fəyaz kişi, anası Bağdagül xanım və ailə üzvləri dəvət olunur, məktəbin şagirdləri «Şəhidlər Xiyabanı»nda şəhidin qəbrini ziyarət edirlər.  
Məktəbdə təşkil olunan ədəbi-bədii tədbirdə şagirdlərinin ifasında  Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeyrlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova yeniyetmə və gənclərin hərbi vətnpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirmiş, bu istiqamətdə görülən işlər barədə məlumat vermişdir.
Tədbirin sonunda şəhidin valideyinləri Cəbrayıl Əsgərovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər