Badamdarda sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən dekabr ayının 13-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclik küçəsi 1 ünvanında yerləşən 236 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü, daha sonra tədbirdə qaldırılan məsələlərin həlli ilə əlaqədar işçi qaydada müşavirə keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün Azərbaycan dünya miqyasında o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını təmin edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edir və əhalinin maddi rifah halı daha da yaxşılaşır. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin əsas hədəfləri inkişafı sürətləndirmək, ümumi daxili məhsulun iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır və biz cənab Prezidentin fəaliyyətində bunun əyani nümunəsini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqisi üçün etibarlı zəmin yaradan çoxşaxəli islahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Bu islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə son illərin mühüm uğurlarındandır”.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, içməli suyun fasiləsiz verilməsi, sahibsiz küçə itlərinin ərazidən uzaqlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Görüşün sonunda sakinlər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan hər bir sərəncam və fərmanı dəstəklədiklərini, rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qəbul başa çatdıqdan sonra işçi qaydada keçirilən müşavirədə RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür. Eyni zamanda Vuqar Zeynalov rayon ərazisində aparılan əsaslı yenidənqurma və abadlıq işlərinin vəziyyəti, sənədsiz torpaq sahələrinin və yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı RİH yanında yaradılmış Yerli Ekspert Komissiyasının fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər vermişdir.