Bayıl yaşayış sahəsində sakinlərlə növbəti səyyar görüş keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən dekabrın 19-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Bayıl yaşayış sahəsi, A.Nəsirov küçəsi 5 ünvanında yerləşən 49 saylı "İntellekt" məktəb-liseyində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nəaliyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Son illərdə əldə olunmuş siyasi və sosial-iqtisadi nəaliyyətlər xalqın rifahının təkcə bu gün deyil, gələcəkdə də təmin olunmasına zəmanət verir. Əhalinin rifahının gücləndirilməsi, sosial problemlərin həlli istiqamətində imzalanan fərman və sərəncamlar, verilən mühüm qərarlar xalqda böyük məmnunluq hissi yaradır və ölkə vətəndaşları birmənalı olaraq dövlət başçısını müstəqil respublikamızda baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir”. RİH başçısı Vuqar Zeynalov görüşdə iştirak edən sakinlərə dövlət başçısının tapşırığına əsasən Səbail rayonunda, o cümlədən Bayıl yaşayış sahəsində aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də geniş məlumat vermişdir.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması, yeni marşrut xəttinin istifadəyə verilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Görüş zamanı sakinlər tərəfindən səsləndirilən problemlər dinlənilmiş, onlara müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli üçün RİH başçısı tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilərək onların həlli nəzarətə götürülmüşdür.
Görüşün sonunda sakinlər ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı ölkə başçısı tərəfindən imzalanan hər bir sərəncam və fərmanları dəstəklədiklərini qeyd etmiş, rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.