Səbail rayonunda Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə şəhid ailələri üçün bayram süfrəsi təşkil edilmişdir
Dekabrın 27-də Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan şəhid ailələri üçün bayram süfrəsi təşkil edilmişdir. Tədbirdə RİH başçısı Vuqar Zeynalov və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon Hakimiyyətinin başçısı Vuqar Zeynalov Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı məlumat verərək qeyd etmişdir ki: “Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olanlar da öz həyatlarında hiss edirlər. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin mənzil-məişət məsələlərinin həlli daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. 1997-ci ildən 2018-ci ilədək Qarabağ müharibəsi əlillərinə 4597, şəhid ailələrinə 1582, İkinci Dünya müharibəsi, Çernobıl və müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlara isə 475 mənzil və fərdi ev verilib. Bu qəbildən olan vətəndaşlara ilin əvvəlindən 700 mənzil və fərdi ev verilib. İlin sonunadək isə 234 mənzil və fərdi evin təqdim olunması planlaşdırılır. Gələn il də bu istiqamətdə layihələr davam edəcək”. Vuqar Zeynalov Səbail rayonunda da şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini və veteranlarını narahat edən məsələlərin daim nəzarətdə saxlanıldığını və bu kateqoriyadan olan şəxslərlə mütəmadi olaraq görüşlərin keçirilməsinin artıq ənənə halını aldığını vurğulamışdır.
Şəhidlərin ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Sonda hər bir şəhid ailəsinə bayram sovqatı təqdim edilmişdir.