Səbail rayonunda sakinlərlə növbəti səyyar görüş və qaldırılan məsələlərin həlli ilə bağlı işçi qaydada müşavirə keçirilmişdir
Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 9-da Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, N.Rəfibəyli küçəsi 8 ünvanında yerləşən 189-190 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü, daha sonra tədbirdə qaldırılan məsələlərin həlli ilə əlaqədar işçi qaydada müşavirə keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən islahatlarının nəticələrini vətəndaşlar hiss edir və bunu dövlət başçısının yüksək diqqət və qayğısı kimi qiymətləndirir. Ölkə rəhbərinin davamlı şəkildə həyata keçirdiyi islahatlar paketi cəmiyyətimizdə inam və etimad mühitini formalaşdıran ən vacib amillərdəndir. Ölkə başçısının həyata keçirdiyi islahatlar sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, onların rifahının yüksəlməsinə və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir”.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, bankomatların quraşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Görüşün sonunda sakinlər ölkəmizdə, o cümlədən Səbail rayonunda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
Qəbul başa çatdıqdan sonra işçi qaydada keçirilən müşavirədə RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür. Eyni zamanda Vuqar Zeynalov rayon ərazisində aparılan əsaslı yenidənqurma və abadlıq işlərinin vəziyyəti, sənədsiz torpaq sahələrinin və yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı RİH yanında yaradılmış Yerli Ekspert Komissiyasının fəaliyyəti və bir sıra digər məsələlərlə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq göstərişlər vermişdir.