Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2019-cu ilin yekunları barədə hesabat vermişdir
Yanvarın 9-da Badamdar qəsəbəsində yerləşən 239 saylı tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun, RİH başçısının müavinlərinin, RİHBA-nın məsul işçilərinin, SİƏD üzrə nümayəndəliklərin əməkdaşlarının, rayonun hüquq-muhafizə orqanlarının, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Abbasov bildirmişdir ki: “Bu gün Badamdar qəsəbəsinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Abad həyət” layihəsi çərçivəsində Rafiq İsgəndərov 4a ünvanında 4 binanı əhatə edən ümumi sahəsi 4500 kv.m olan həyətdə işlər ən yüksək səviyyədə tamamlanmış və yaxın günlərdə sakinlərin ixtiyarına veriləcəkdir. Hazırda qəsəbənin Əziz Nəzərov və Seyran Məmmədov küçələrində abadlıq işləri davam etdirilir. Hesabat dövründə 1-ci, 2-ci, 3-cü yaşayış massivləri, Abbasqulu Abbaszadə, Ələddin Ağakişiyev, 9-cu Badamdar, 10-cu Badamdar və Cəmil Hasilov, Göyüş Qarayev, Rafiq İsgəndərov küçələrində ümumilikdə 16260 kv.m asfalt örtüyü təmir edilmiş və ya yenidən çəkilmişdir. Hazırda “Azərsu” ASC tərəfindən qəsəbənin 3-cü yaşayış massivində yeni kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılmış və nəzərdə tutulmuş 23 km kanalizasiya xəttindən bu günədək 8 km-i çəkilmiş, işlərin bu ilin axırınadək tam olaraq başa çatdırılması nəzərdə tutulmuşdur. 3-cü yaşayış massivində, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilərək hasarlanmış ərazilər boşaldılaraq təmizlənmiş və 30 hektara yaxın torpaq sahəsi dövlət balansına qaytarılmışdır. Qəsəbə üzrə 1105 sənədsiz ev barəsində məlumatlar Yerli ekspert komissiyasına təqdim edilmiş və bu istiqamətdə işlər hal-hazırda davam etməkdədir”.
Tədbirdə çıxış edən Badamdar bələdiyyəsinin üzvü Təzəxan Məmmədov Səbail bələdiyyəsi tərəfindən sosial sahədə həyata keçirilən tədbirlər barəsində məlumat verərək qeyd etmişdir ki: “Cari ildə 89 nəfərə 12050 manat məbləğində maddi yardım göstərilmişdir. İl ərzində Novruz bayramı ilə əlaqədar 61 nəfərə, Ramazan bayramında 40, Qurban bayramında 372 nəfər, Əlillər günü münasibətilə 15 nəfər olmaqla 488 ailəyə bayram sovqatı verilmiş, qəsəbədə yerləşən hərbi hissədə bayram tədbirlərinin keçirilməsi və əsgərlərə bayram sövqatlarının verilməsi təşkil edilmişdir. Hesabat dövründə vətəndaşların müraciəti əsasında qəsəbə ərazisində 50-yə yaxın insan həyatı üçün təhlükə yaradan ağacların kəsilərək ərazidən götürülməsi tərəfimizdən təmin edilmişdir. Görülmüş işlərlə yanaşı ötən dövr ərzində bir sıra problemlərlə də üzləşmişik, o cümlədən vergi ödəyicilərinin tam şəkildə vergiyə cəlb olunmaması, qəsəbə ərazisində bir sıra küçələrə hələ də ünvanların verilməməsi, mərkəzləşmiş ət kəsimi məntəqəsinin olmaması və digər problemlərin həlli ilə bağlı növbəti ildə tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir”.
Hesabat məruzələrindən sonra çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.