Səbail rayonunda 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri və əlilləri ilə görüş keçirilib
20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycanın hər yerində olduğu kimi Səbail rayonunda da anım mərasimləri, xatirə tədbirləri keçirilir. Bu münasibətlə Səbail Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsində şəhid olanların ailə üzvləri və əlilləri ilə görüş keçirilmişdir. Görüş Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu, bu hadisələr zamanı həlak olan insanların əsil vətənpərvərlər olduğunu qeyd edərək bildirmişdir ki: “20 Yanvar faciəsi baş verərkən Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedib və bəyanatla çıxış edib. Ulu öndər Heydər Əliyev bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Təsadüfi deyil ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib. RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğunu, onlara verilən təqaüd və müavinətlərin mütəmadi olaraq artırıldığını qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmış, bir çox sualların həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.