1 saylı SİƏD üzrə nümayəndəliyin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Yanvarın 21-də 132-134 nömrəli Təhsil Kompleksinin akt zalında Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, rayonun hüquq-muhafizə orqanları, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, bələdiyyə sədrləri və rayon sakinləri iştirak etmişlər.
Hesabat tədbirini giriş nitqi ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Bu gün Azərbaycan dünya miqyasında o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını təmin edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edir və əhalinin maddi rifah halı daha da yaxşılaşır. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin əsas hədəfləri inkişafı sürətləndirmək, ümumi daxili məhsulun iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır və biz cənab Prezidentin fəaliyyətində bunun əyani nümunəsini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqisi üçün etibarlı zəmin yaradan çoxşaxəli islahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Bu islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə son illərin mühüm uğurlarındandır”.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov 2019-cu il ərzində 1 saylı SİƏD ərazisində görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Tədbirdə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Yusif Xəlilov MKTB tərəfindən 2019-cu il ərzində görülən işlərdən bəhs edərək, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacağını bildirmişdir.
Daha sonra 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.
RİH başçısı Vuqar Zeynalov yekun nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Səbail rayonunda aparılan abadlıq və yenidənqurma işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılmış, sakinləri maraqlandıran suallar cavablandırılmışdır.