2 saylı SİƏD üzrə nümayəndəliyin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir
Yanvarın 24-də Bayıl yaşayış sahəsində yerləşən 3 nömrəli Musiqi məktəbinin akt zalında Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, rayonun hüquq-muhafizə orqanları, bələdiyyə sədrləri, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Hesabat tədbirini giriş nitqi ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ötən il regionda və dünyada cərəyan edən ziddiyyətli proseslər şəraitində Azərbaycan daxili sabitliyini qorumaqla, inkişafını təmin etməklə, iqtisadiyyatını müsbət artım dinamikasına kökləməklə və irimiqyaslı layihələri başa vurmaqla öz tarixinin yeni və möhtəşəm hadisələrinə imza atıb. Ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq münasibətlərdə fəal iştirak edir. Rəsmi və işgüzar görüşlərində, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın milli və dövlət maraqlarını təmin edən dövlət başçısı siyasi uzaqgörənliyi ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir. Təbii ki, uğurla aparılan bu müstəqil xarici siyasət ölkəmizin beynəlxalq səviyyədəki nüfuzunu və qlobal miqyasda respublikamıza olan rəğbəti daha da artırıb. Biz əminik ki, hər bir sahə üzrə əldə olunan inkişaf yüksək templə davam etdiriləcək və ölkəmiz 2020-ci ildə də yeni inkişaf göstəricilərinə nail olacaq. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək və bizi bu yoldan heç bir qüvvə döndərə bilməz”. Daha sonra RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Səbail rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd etmişdir. RİH başçısı 2020-ci ildə görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəsi Mübariz Güləhmədov 2019-cu il ərzində görülən işlər, həyata keçirilən tədbirlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən Səbail bələdiyyəsinin sədri Hacı Əliyev bələdiyyə tərəfindən 2019-cu il ərzində sosial sahədə həyata keçirilən tədbirlərdən bəhs edərək, növbəti ildə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacağını bildirmişdir.
“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Səbail rayonu üzrə şöbəsinin sədri İpək İsmayılova çıxış edərək şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bütün şəhid ailələri adından öz minnətdarlığını bildirmişdir. Hesabat məruzələrindən sonra yekun nitqi ilə çıxış edən RİH başçısı Vuqar Zeynalov 2 saylı sahə inzibati ərazi dairəsində 2020-ci ildə həllini gözləyən bir sıra məsələlərlə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılmış, sakinləri maraqlandıran suallar cavablandırılmışdır.