Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilmişdir

13 fevral 2020 | 16:00

Əhali ilə görüşlərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevral ayının 13-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 329 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və bir qrup sakin iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar ölkə rəhbərinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır”.
Səyyar qəbulda iştirak edən sakinlər mənzil şəraitinin yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması, dam örtüklərinin təmiri, məhəllələrin abadlaşdırılması və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində RİH başçısı tərəfindən müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş və yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhali tərəfindən qaldırılan məsələlərin həllində böyük əhəmiyyət daşıdığını vurğulamışlar.

Keçidlər