A.S.Puşkinin anadan olmasının 214-cü ildönümü qeyd edildi
Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 214-cü ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və «Sodrucestvo» cəmiyyətinin birgə təşkilatçılığı ilə böyük rus şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açıldı.
İlk öncə şəhərimizin mərkəzində Aleksandr Sergeyeviç Puşkinin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə açılmış heykəli önunə tədbir iştirakçıları adından gül dəstələri və tər çiçəklər qoyuldu.
Səbail rayon İctimaiyyətinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, «Sodrucestvo» cəmiyyətinin, Rusiya Mədəniyyət Mərkəzinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən ənənəvi tədbiri giriş sözü ilə Respublika «Sodrucestvo» cəmiyyətinin sədri Tatyana Kərimova açdı, belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğuladı.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Səbail rayonunda, şairin adını daşıyan və Ulu öndər Heydər Əliyevin iştirakı ilə abidəsi uzaldılmış bu parkda Aleksandr Sergeyeviç Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilmişdir. Ədibin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafındakı rolu, onun dünya ədəbiyyatına etdiyi töhfələr xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, rus ədəbiyyatına zəngin töhfələr vermiş A.S.Puşkinin təkcə rus xalqı tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şerləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunmuş, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşviq, Nigar Rəfibəyli, Süleyman Rustəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə olunmuş Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olmuşdur.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində Aleksandr Sergeyeviç Puşkinin doğum günü və digər tədbirlərin rolunun əvəzsiz olduğunu bildirdi.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Azərbaycanda A.S.Puşkinə, onun ədəbi irsinə olan münasibətdən danışdı, şairin şerlərindən bir parça ifa etdi.
Tədbirdə Səbail rayon orta məktəblərinin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı Rus icmasının nümayəndələri çıxış etmiş, ölməz şairin şerləri Azərbaycan və rus dillərində səslənmiş, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstərmişlər.